Dekabrın 18-də Kür qəsəbə H.Z.Tağıyev adına tam orta məktəbdə, məktəbin kimya müəllimi Ruhiyyə Əhmədovanın təşəbbüsü ilə “Metalların korroziyası və korroziyadan müdafiə” mövzusunda açıq dərs keçirilib. Dərsdə müşahidəçi qismində məktəb direktoru və müavinləri iştirak ediblər.
Fənn müəllimi əvvəlcə korroziya haqqında ümumi məlumat verərədək bildirib ki, metalların və onların ərintilərinin ətraf mühitin təsirindən dağılmasına korroziya deyilir. Dağılma prosesinin mexanizminə görə korroziyanın kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər. Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır.
Daha sonra Ruhiyyə müəllim korroziyadan müdafiə olunmağın yollarını izah edib. Dərs zamanı maraqlı təcrübələr göstərilib və məktəbin kimya labaratoriyasından səmərəli istifadə olunub.
Sonda tapşırıqların həlli müzakirə olunub şagirdlərin sualları cavablandırılıb.