03.12.2017

Şəmkir rayonu üzrə qrant müsabiqədə qalib gəlmiş layihələr müəllim ictimaiyyətinə təqdim edilib və ilk təlimlərə başlanılıb

Dekabrın 2-də Şəmkir Heydər Əliyev Mərkəzində  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində Şəmkir rayonu üzrə qalib gəlmiş hər iki layihənin müəllim ictimaiyyətinə təqdimatına və ilk təlimlərinə start verilib.

Bildiririk ki, Şəmkir rayonu üzrə müsabiqəyə təqdim olunan “100 səsli hekayə” və “Təhsildə yeni qiymətləndirmənin tətbiqi sahəsində müəllimlərin hazırlıq səviyyəsinin və yardımçı bacarıqlarının inkişaf etdirilməsi” layihələri qalib gəlib.

Açılış nitqləri ilə təlim iştirakçılarını salamlayan Şəmkir rayon Təhsil Şöbəsinin müdir müavini Hafiz Pənahov və Rayon İcra Hakimiyyətinin məsləhətçisi Turanə Məmmədova layihələrin  Şəmkir müəllimləri üçün önəmini vurğulayaraq layihə iştirakçılarına uğurlar arzu etdilər.

Daha sonra Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun baş mütəxəssisi və təlimçisi Fəxri Məmmədli “Yardımçı bacarıqların inkişaf etdirilməsi” təlim modulu altında “Təqdimat bacarıqları”, “Sinfin və vaxtın idarə edilməsi”  mövzularında çıxışlar etdi.

Qeyd edək ki, təlimlər 2-3 dekabr tarixlərində 2 gün davam edib və layihənin keçirilməsində əsas məqsəd müasir kurrikulumun və yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində müəllimlərin hazırlıq və peşəkarlıq səviyyəsinin artırılması nəticəsində təhsildə müsbət dəyişikliklərin əldə olunmasına nail olmaqdır.


Açar sözlər: ,