07.11.2017

"Uşaq hüquqları aylığı" çərçivəsində məktəblərdə maarifləndirmə tədbirləri keçirilir

Şəmkir Rayon Təhsil Şöbəsi rayonun ümumi təhsil müəssisələrində “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının təbliği” adlı təlimlərə start verib.

Təlimlərin keçirilməsində məqsəd, uşaqlar arasında onların hüquqlarını aydınlaşdırmaq, qəddar rəftara və ya alçaldılmaya məruz qalma ehtimalını azaltmaq, milli səviyyədə ictimai vəkillik, maarifləndirmənin təşkili, uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə dolğun məlumatlandırmanı həyata keçirməkdən ibarətdir.

Təlim çərçivəsində ilk görüş Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə olub. Tədbirdə məktəbin 6, 7, 8 və 9-cu sinif şagirdləri iştirak ediblər. Çıxış edənlər uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, habelə qanunla ziddiyyətdə olan uşaqlar və onların ədalət mühakiməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası, uşaqlara qarşı baş vermiş zorakılıq hallarının araşdırılması üsulları və digər mühüm məsələləri məktəblilərin diqqətinə çatdırıb.

Tədbirdə mövzu ətrafında səmərəli müzakirələr təşkil olunaraq, şagirdlərin məsələ ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.

Maarifləndirmə təlimləri ardıcıl olaraq rayonun bütün ümumtəhsil müəssisələrində həyata keçiriləcək.


Açar sözlər: ,