24.10.2017

"100 səsli hekayə" layihəsinin icrasına start verilib

Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “100 səsli hekayə” layihəsinin icrasına start verilib.

Layihənin əsas məqsədi informasiya texnologiyalarının imkanlarından faydalanaraq şagirdlərin sinifdənxaric oxu imkanlarını yaxşılaşdırmaqla, onların dünya görüşünün artırılması, dinləyib anlama bacarıqlarının təkmilləşdirilməsi, məntiqi və tənqidi təfəkkürünün, həçminin intellektual və emosional zəkasının, eststik zövqünün inkişaf etdirilməsi ilə şagirdlərdə şəxsiyyətyönümlü düşüncə, davranış və xarakterin formalaşmasını təmin etməkdir.  

İlkin mərhələdə layihənin icrası və hekayələrin seçilməsi üçün peşəkar Azərbaycan dili və ədəbiyyatı müəllimlərindən ibarət işçi qrup müəyyənləşdirilib. İşçi qrupun üzvlər layihə rəhbərliyi tərəfindən Şəmkir rayon Təhsil Şöbəsinin rəyi nəzərə alınmaqla və yerli müəllimlər arasında müsahibə əsasında seçilib. Bu müəllimlərin müəyyənləşdirilməsi, onların layihənin məqsəd və vəzifələri ilə tanışlığı, ilkin planlama, iş qrafiki və digər zəruri hazırlıqlar həyata keçirilib.

Layihə şərçivəsində 100 hekayənin seçilməsi, səsləndirilməsi, İOS və Android əməliyyat sistemlərini dəstəkləyən proqram təminatının yaradılması, şagirdlərə, valideynlərə və təhsil ictimaiyyətinə təqdim olunması,  həmçinin bu sahəyə diqqətin yönəldilməsi qarşıya qoyulan başlıca vəzifələrdir.

Qeyd edək ki, layihə təqdim edildikdən – yəni proqram təminatı hazır olduqdan sonra  onu internetdən rahat şəkildə eldə etmək imkanı olacaq ki, bu da proqramdan bütün ölkədə istifadə etmək imkanı yaradacaq.