Oktyabrın 22-də Şəmkir rayon Zəyəm-Cırdaxan kənd tam orta məktəbinin bir qrup şagirdi məktəbin ibtidai sinif müəllimi Lamiyə Məmmədovanın təşkilatçılığı ilə Gəncədə yerləşən Uşaq Evini ziyarət ediblər.
Məktəblilər hər il olduğu kimi, bu il də valideyn himayəsindən və qayğısından məhrum olmuş uşaqları yad edərək onlara müxtəlif hədiyyələr və mövsümi meyvələr təqdim ediblər. Ziyarətin məqsədi sosial vəziyyətindən asılı olmayaraq məktəb yaşlı və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasında bərabərliyi təbliğ etmək və onlar arasında dostluq əlaqələrini qura bilməkdir.
Görüşdə məktəblilər uşaq evinidən olan həmyaşıdlarıyla birlikdə əyləncəvi oyunlar oynayıb, maraqlı vaxt keçiriblər. Görüşdə iştirak edən məktəb müəllimləri uşaqların üzlərində çizgi qəhrəmanlarının rəsmlərini çəkərək onların əyləncəsini daha da maraqlı ediblər.
Qeyd edək ki, Gəncə Uşaq Evi Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2012-ci ildə tam Avropa standartlarına uyğun olaraq təmir olunub və lazımi avadanlıqla təchiz edilib. Bu məkanda uşaqlar üçün yaradılmış şərait həqiqətən də qürurverici və təqdirəlayiqdir.