Sentyabrın 11-də Əhməd Cavad adına Mədəniyyət Mərkəzində bu il ali təhsil ocaqlarına yüksək balla qəbul olmuş məzunlarla görüş keçirilib.
Tədbirdə çıxış edən rayon təhsil şöbəsinin əməkdaşı Firdovsi Aslanov cari ildə qazanılmış nailiyyətlərdən və qəbul imtahanlarında məzunların qazandığı uğurlardan danışıb. Qeyd olunub ki, bu il ali məktəblərə tələbə qəbulunda irəliyə doğru addım atılıb, bu sahədə göstəricilər əvvəlki illərə nisbətən daha yaxşı olub. 537 məzun respublikanın müxtəlif universitetlərinə qəbul olunub. Onlardan 24 nəfəri 600-dən, 64 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək son dövrlərdə Şəmkir rayonunda bütün sahələrdə olduğu kimi, təhsildə də böyük irəliləyişə nail olunduğunu bildirib, tələbə adını qazanmış gəncləri təbrik edib.
Sonda 600–dən yuxarı bal toplayan məzunlar rayon icra hakimiyyəti tərəfindən mükafatlandırılıblar.