28.08.2017

İngilis dili müəllimləri üçün növbəti təlimlər başlayıb

Avqustun 26-dan 30-dək Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması layihəsi”-nin növbəti mərhələsi keçirilir.

Layihə Azərbaycanın neft-qaz boru kəməri keçən qərb regionlarında baş tutub. Layihənin məqsədi rayonlarda ingilis dili fənnini tədris edən müəllimlərin və  icma üzvlərinin ingilis dili bilik və bacarıqlarını artırmaqdan ibarətdir. Xüsusi metodlarla keçirilən dərslər həm müəllimlərin ingilis dili danışıq səviyyələrinə, həm də  gələcəkdə dərslərinin tətbiq olunması qaydaları üzrə nizamlanır.

Layihənin növbəti mərhələsinin yaxın 6 ay ərzində keçiriliməsi planlaşdırılır. Bu müddət ərzində ingilis dili üzrə dərs tədris edən müəllimlərin zəif və güclü tərəfləri müəyyən edilərək onlara göstərişlər verilir və onlarla daimi əlaqə saxlanılaraq lazımı materiallarla təmin olunurlar.