06.07.2017

Şagirdlər üçün “Əylən və öyrən” adlı yay məktəbi təşkil edilib

Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə məktəblilər üçün “Əylən və Öyrən” adlı yay məktəbi təşkil edilib.

Yay məktəbinin təşkil olunmasının əsas məqsədi yay tətili günlərində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələrinə dəstək olmaq, onlara müxtəlif mövzularda bilik və təcrübələrini artırmaqda kömək etmək, kollektivdə çalışıb özünü təqdimetmə və ünsiyyət qurmaq bacarıqlarını inkişaf etdirmək üçün imkan yaratmaqdan ibarətdir.

“Əylən və Öyrən” yay məktəbinin iştirakçıları üçün “Liderlik”, “Könüllülük”, “Uğur qazanmanın sirri”, “Mən və mənim gələcək peşəm”, “Motivasiya”, “Natiqlik” və “Etiket-davanışlar”  mövzularında təlimlər keçiriləcək. Təlimlər zamanı proqrama uyğun olaraq məktəblilər üçün tanışlıq və “Davincinin şifrəsi” adlı oyunların oynanılması planlaşdırılıb.

Bundan əlavə müxtəlif mövzular üzrə dəvət olunan qonaq spikerlər tərəfindən müzakirələr aparılacaq, praktiki məşğələlər keçiriləcək.

“Yay məktəbi” çərçivəsində təlimlərin Şəmkir rayon Çənlibel kəndində açıq havada, təbiət qoynunda keçirilməsi nəzərdə tutulub.

Təlimlər 15 iyul tarixindən başlayaraq ayda iki dəfə olmaqla həftənin şənbə günləri keçirilməsi planlaşdırılıb.

Təlimlərdə iştirak etmək istəyən V-XI sinif şagirdləri Şəmkir Rayon Təhsil Şöbəsinə və ya şöbənin rəsmi facebook səhifəsinə müraciət edə bilərlər.


Açar sözlər: ,