16.05.2017

"Uşaq hüquqlarının təbliği" təlimləri davam edir

Şəmkir Rayon Təhsil Şöbəsi və Hüquqi Xidmət Mərkəzinin (RHXM) Şəmkir Ofisinin təşkilatçılığı ilə YUNİSEF-in layihəsi və dəstəyi əsasında məktəblərdə “Uşaq hüquqlarının təbliği” adlı təlimlər davam edir.

Təlimlərin keçirilməsində məqsəd, uşaqlar arasında onların hüquqlarını aydınlaşdırmaq, qəddar rəftara və ya alçaldılmaya məruz qalma ehtimalını azaltmaq, milli səviyyədə ictimai vəkillik, maarifləndirmənin təşkili, uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə dolğun məlumatlandırmanı həyata keçirməkdən ibarətdir.

Mayın 16-da növbəti təlim Əhməd Cavad adına şəhər tam orta məktəbdə olub. Tədbirdə məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər. Çıxış edən RHXM-in əlaqələndiricisi Çiçək Nadirova uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, habelə qanunla ziddiyyətdə olan uşaqlar və onların ədalət mühakiməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası, uşaqlara qarşı baş vermiş zorakılıq hallarının araşdırılması üsulları və digər mühüm məsələləri məktəblilərin diqqətinə çatdırıb.

Qeyd edək ki, ölkəmiz uşaqlarla bağlı təhsil, səhiyyə və digər sosial məsələlərin həlli istiqamətində (əlil uşaqlar, küçə uşaqları, uşaqlara qarşı zorakılığın, erkən evliliyin aradan qaldırılması, uşaq ölümü, məktəbəqədər təhsil və s.) YUNİSEF ilə yaxından əməkdaşlıq edir.

Təlimlər ardıcıl olaraq rayonun bütün ümumtəhsil müəssisələrində həyata keçiriləcək.


Açar sözlər: ,