11.05.2017

"Şahin" hərbi-idman oyununun final yarışı keçirilib.

Ümumtəhsil məktəblərinin VII-X sinif şagirdləri arasında “Şahin” hərbi-idman oyunlarının final yarışı keçirilib.

Final yarışında iştirak edən komandalar iki mərhələdə mübarizə aparıblar. Yarışın birinci mərhələsində təntənəli marşla mahnı sədaları altında tribuna önündən keçən komandaların sıra hazırlığının səviyyəsi yoxlanılıb. İkinci mərhələdə isə iştirakçılar müxtəlif sədlərdən keçərək maneələri dəf etmək bacarıqlarını nümayiş etdiriblər.

Final turunun nəticələrinə əsasən, I yeri Nizami rayonun komandası , II yeri Kürdəmir  rayonunun komandası, III yeri isə Zərdab rayonun komandası tutub.

Qalib komandalar  Fəxri fərman və hədiyyələrlə təltif olunublar.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev “Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik, milli ruhda tərbiyəsi işinin gücləndirilməsindəki əhəmiyyətindən danışıb, yarışların məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində  mühüm rol oynadığını qeyd ediblər.

Qeyd edək ki, yarışlara mart ayında start verilib. Zonaların hər birindən I və II yerləri tutmuş komandalar respublika final yarışında iştirak etmək hüququ qazanıblar.

Yarışlar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikası Veteranlar Şurasının birgə qərarı ilə təşkil edilib.


Açar sözlər: ,