Mayın 4-də Şəmkir rayon Çinarlı qəsəbə Natiq Süleymanov adına 2 saylı tam orta məktəbdə reproduktiv sağlamlıqla bağlı təlim keçirilib.
Bu mövzuda maarifləndirmə işinin davamlı aparılmasının vacib olduğunu nəzərə alaraq, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Ümidli Gələcək Gənclər İctimai Birliyi P&G şirkətinin dəstəyi ilə 2017-ci ilin yanvar ayından etibarən xüsusi maarifləndirmə proqramını Bakı və 35 regionun tam orta məktəblərinin 6-7 ci sinif şagirdləri arasında artıq tətbiq etməyə başlamışdır. Proqram çərçivəsində "Reproduktiv sağlamlığın tədrisi" kurslarına cəlb olunan müəllimlər 2 günlük təlimdən sonra fəaliyyət göstərdikləri məktəblərə təlimçi kimi göndərilmişlər.
Tədbirin giriş hissəsində proqram təlimçisi, məktəbin biologiya müəllimi Ülviyyə Abbasova çıxış edərək bildirib ki; “Gənc nəslin sağlam böyüməsi, onların zərərli vərdişlərdən qorunması, habelə gələcəkdə sağlam ailə qurması üçün uşaq və yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı geniş maarifləndirmə proqramlarının təşkili xüsusi əhəmiyyət kəsb edir. Gənclərin reproduktiv sağlamlığının qorunması dövlətin ən vacib, prioritet sahələrindən biridir. Reproduktiv sağlamlıq üzrə bilik və bacarıqlara yiyələnməklə uşaq və gənclər, xüsusilə də, qızlar, sanitar, gigiyenik qaydalara əməl edən, hər cür zərərli vərdişlərdən uzaqlaşmağı bacaran fərdlər kimi formalaşırlar.”
Daha sonra qəsəbənin həkimi Səadət Əfəndiyeva məktəblilərə reproduktiv sağlamlıqlarının müdafiəsi ilə bağlı tövsiyələrini verib. Həkim mövzuya uyğun təlim materiallarını slayd formatında qızlara izah edib.
Qeyd edək ki, təlimdə məktəb psixoloqu və müəllimlər də iştirak ediblər.
Sonda təlimdə iştirak edən qızlara mövzuya dair müvafiq maarifləndirici materiallar paylanılıb.