Aprelin 25-də Şəmkir rayon Rövşən İsmayılov adına Plankənd tam orta məktəbdə biologiya müəllimi Yeganə Yunusova 7a sinif şagirdlərinə “Həşəratlar” mövzusunda "açıq dərs” keçirib. Dərsin məqsədi həşəratların quruluşunu, müxtəlifliyini, təbiətdə və insan həyatındakı əhəmiyyətini şagirdlərə öyrətmək olub.
Müəllim dərs müddətində dərslik, marker, iş vərəqələri, internetdən məlumatlar və MİMİO qurğusundan istifadə edərək şagirdlərin fəallığının artırılmasını, biologiyada həşəratlara aid anlayışların şüurlu surətdə dərk edilməsini ən vacib hal kimi diqqət mərkəzində saxlayıb.
Yeganə Yunusova yeni dərsi izah etməklə yanaşı, həm də motivasiya sualı əsasında biologiya fənnindən keçilən mövzuların mənimsənilmə səviyyəsini yoxlamaq üçün şagirdləri slayd vasitəsilə hazırlanmış testlərlə sorğu-sual edib. Şagirdlər dərsin maraqlı keçilməsində fəal iştirak ediblər.
Sonda keçirilən "açıq dərs" müzakirə olunub. Məktəbin direktoru və müəllimləri çıxış edərək "açıq dərs"in yaxşı təşkil olunduğunu və şagirdlərin biologiya fənnindən yüksək bilik nümayiş etdirdiklərini bildiriblər.
"Açıq dərs" diskussiya şəklində başa çatıb.