Şəmkir Rayon Təhsil Şöbəsi və Hüquqi Xidmət Mərkəzinin (RHXM) Şəmkir Ofisinin təşkilatçılığı ilə YUNİSEF-in layihəsi və dəstəyi əsasında məktəblərdə “Uşaq hüquqlarının təbliği” adlı təlimlərə başlanılıb.
Təlimlərin keçirilməsində məqsəd, uşaqlar arasında onların hüquqlarını aydınlaşdırmaq, qəddar rəftara və ya alçaldılmaya məruz qalma ehtimalını azaltmaq, milli səviyyədə ictimai vəkillik, maarifləndirmənin təşkili, uşaqların hüquqlarının qorunmasından irəli gələn məsələlərin həlli məqsədilə dolğun məlumatlandırmanı həyata keçirməkdən ibarətdir.
Təlim çərçivəsində ilk görüş Şəmkir rayon Nizami Gəncəvi adına tam orta məktəbdə olub. Tədbirdə məktəbin 8, 9, 10 və 11-ci sinif şagirdləri iştirak ediblər. Çıxış edən RHXM-in əlaqələndiricisi Çiçək Nadirova uşaq hüquqlarının beynəlxalq müdafiə mexanizmləri, habelə qanunla ziddiyyətdə olan uşaqlar və onların ədalət mühakiməsi, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydası, uşaqlara qarşı baş vermiş zorakılıq hallarının araşdırılması üsulları və digər mühüm məsələləri məktəblilərin diqqətinə çatdırıb.
RHXM-in hüquqşünası Raul İsmayılov Yuvenal Ədliyyə - yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayət işləri üzrə ədalət mühakiməsinin icraatı barədə məlumat verərək, hər bir uşağın icbari orta təhsil almaq, pis vərdişlərdən uzaq durmaq, digər insanlar və onlarn fikirlərinə hörmətlə yanaşmaq kimi öhdəliklərinin olduğunu nəzərə çatdırıb.
Tədbirdə mövzu ətrafında səmərəli müzakirələr təşkil olunaraq, şagirdlərin məsələ ilə bağlı fikirləri dinlənilib və sualları cavablandırılıb.
Qeyd edək ki, ölkəmiz uşaqlarla bağlı təhsil, səhiyyə və digər sosial məsələlərin həlli istiqamətində (əlil uşaqlar, küçə uşaqları, uşaqlara qarşı zorakılığın, erkən evliliyin aradan qaldırılması, uşaq ölümü, məktəbəqədər təhsil və s.) YUNİSEF ilə yaxından əməkdaşlıq edir.
Təlimlər ardıcıl olaraq rayonun bütün ümumtəhsil müəssisələrində həyata keçiriləcək.