17.04.2017

"Narkomaniyaya yox deyək" adlı tədbir keçirilib

Şəmkir rayon Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə həyata keçirilən zərərli vərdişlər əleyhinə silsilə tədbirlər davam edir.

Aprelin 17-də Abbaslı kənd Ələkbər Ələmdarov adına tam orta məktəbində “Narkomaniyaya yox deyək” adlı tədbir keçirilib. Tədbirdə Xanallar, Abbaslı 1  və  2 saylı kənd tam orta məktəbinin yuxarı sinif şagirdləri iştirak edib.

Tədbir iştirakçılarını salamlayan  Gənc Müəllimlər Birliyinin üzvü, məktəb psixoloqu Tərlan Muxtarova gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün onlarla mütəmadi görülən işlər və tədbirlərdən söz açıb. Hər bir cəmiyyətin qara ləkəsi olan narkomaniyanın səbəb olduğu təhlükələrdən qorunmağın yolları və onların törədə biləcəyi çətinliklərlə bağlı məktəbliləri məlumatlandırılıb.

Gənc Həkimlər Birliyinin üzvü Aybəniz Hüseynova zərərli vərdişlərin təhlükəsindən danışaraq həkim məsləhətini verib: “Əlbəttə, zərərli vərdişlərə aludə olmağa münasibət yaxşı ola bilməz. Hər bir gənc gələcəyin bir ailə basçısıdır. İlk növbədə zərərli vərdişlər insanın öz sağlamlığına zərərdir. Məsələn, narkotik vasitələr insanın həm əqli, həm də fiziki inkişafına mənfi təsir edir. Tütün məmulatlarına aludə olmaq sağlalmaq riski olan xəstəliklərin üzə çıxmasına və sürətli inkişfına təsir edir. İnsan həyatı üçün təhlükəlidir. Sağlam olmayan orqanizmin sağlam nəsil artımı ola bilməz. Narkotik növlərin istifadəsindən ilk olaraq genetik patoloji dəyişiklər baş verir və bu bir insan həyatı üçün olduqca zərərlidir.

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin Hüquq Şöbəsinin əməkdaşı Ruslan İsmayılov, məsələ ilə bağlı rayonda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövrüyəsinə Qarşı Mübarizə üzrə Dövlət  Komissiyasının nümayəndəliyinin fəaliyyət göstəridiyini bildirib; “Bu sirr deyil ki, gənclər televiziyalardan daha çox sosial şəbəkələrdən istifadə edir. Həmin şəbəkələrdə gənclərin diqqətini çəkən təkliflər və tədbirlər irəli sürülməlidir. Sırf bu işdə əsas yük məhz gənc nəslin üzərinə düşür. İnformasiyanın bol olduğu bir dövrdə gənclər çox asanlıqla istədikləri məlumatı əldə edə bilirlər. Bu çox vaxt onlar üçün heç də faydalı olmur. Bu cür maarifləndirici tədbirdə iştirak etmək şansı əldə etmisizsə, bunu dəyərləndirmək və məlumatları dostlarınızla paylaşmaq sizin üçün ən böyük qazanc olacaq”

Daha sonra çıxış edən Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov bildirib ki; “Pis vərdiş hesab etdiyimiz siqaret, narkotik maddə, spirtli içkilər dünyanın hər yerində var. Qarşısını da almaq mümkün deyil. Sadəcə uzaq durmaq gərəkdir. Bunun üçün əlavə məşğuliyyətə yazılsınlar. İdman etsinlər, yaradıcılıqla məşğul olsunlar və s. Boş vaxtlarını zərərsiz vərdişlərə sərf etsinlər. Həm sənət öyrənmiş olarlar, həm də pis vərdişlərə vaxtları qalmaz.


Açar sözlər: ,  ,