Gülnar Qədimova 1982-ci ildə Şəmkir rayonunda anadan olub. Azərbaycan Dillər Universitetində İngilis dili Dilşünaslıq-Tərcümə fakültəsində təhsil alan G.Qədimova hazırda Qasımalılar kənd orta məktəbində ingilis dili fənnini tədris edir. Bir neçə yerli və beynəlxalq mükafatlara layiq görülən G.Qədimova ötən il Şəmkir rayonu üzrə keçirilən diaqnostik qiymətləndirmə Qasımalılar kənd orta məktəbi üzrə ən yüksək balı - 54 bal toplayıb.
2003-cü ildən ingilis dili müəllimi kimi fəaliyyət göstərən G.Qədimova Təhsil Nazirliyi və “British Council” təşkilatının birgə əməkdaşlığı, BP və onun Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihəsindəki tərəfdaşları tərəfindən maliyyələşdirilən “İcmalar üçün ingilis dili” layihəsində iştirak edərək bir qrup ingilis dili müəllimi ilə birlikdə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən təlimlərdə iştirak edib .
2004-2011-ci illərdə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin İxrac Neft və Qaz Boru Kəmərlərinin Təhlükəsizliyi İdarəsinin Şəmkir regional şöbəsində kargüzar-operator vəzifəsində çalışmış G.Qədimova, həmin müddətdə Azərbaycan Ordusu sıralarında baş çavuş rütbəsində həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə pul mükafatına layiq görülmüş Gülnar müəllimə, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı ilə və “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti-15 il” yubiley döş nişanı ilə təltif olunub.
Müəllimlərin işə qəbulu üzrə imtahanında iştirak edərək 42 bal toplamış Gülnar müəllim,Şəmkir rayon Qasımalılar kəndinin orta məktəbində ingilis dili fənnini tədris etməklə yanaşı, Britaniya Səfirliyinin təlimçisi olaraq kəndin icma üzvlərinə ödənişsiz dərslər keçir.