28.03.2017

Müəlliməmiz Londonda ingilis dili təlimində iştirak edib

Zəyəm qəsəbə Səlahəddin Məmmədov adına tam orta məktəbin ingilis dili müəllimi Vüsalə Mehtiyeva 19-25 mart 2017-ci il tarixlərində Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən təlimlərdə iştirak edib.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British Council”-ın təşkilatçılığı ilə “İngilis dili müəllimlərinin və icma üzvlərinin ingilis dili bilik və bacarıqlarının artırılması” layihəsinin icrası çərçivəsində bir qrup müəllim bu təlimlərə cəlb olunub. Onlar arasında fərqlənən müəllimlər “British Council”-ın maliyyə dəstəyi ilə 1 həftə ərzində Londonda ingilis dilindən təlim almaq imkanı əldə ediblər.

Böyük Britaniyada yeni və çox maraqlı dərs metodikası ilə tanış olduğunun bildirən Vüsalə müəllim:

“Londonda olmaq uşaqlıq arzum idi və ilk dəfə arzuladığım şəhərə qəfil gedəcəyimi bilmək mənim üçün əsil surpriz oldu. Dərslərdə Londonun maraqlı yerlərini şagirdlərimə kitabdan oxuyub izah edəndə, könlümdən həmin yerlərdə olmaq keçirdi. Təsəvvür edin, müasir texnologiyalar əsrində, bir də kraliçanın yaşadığı ölkəyə gedirsiz. Təəssüratlarım çoxdur. Bir həftə də olsa əsl ingilislərlə canlı danışmaq  fürsətini qazanmaq ingilis dilini inkişaf etdirmək baxımından olduqca faydalıdır. Təlim keçdiyim məktəbdə dərslərin təşkil olunmasında yeni metodlarla tanış oldum, sözsüz,  həmin metodları dərs dediyim məktəbimizdə də tədbiq edəcəm.

Sonda layihə təşkilatçılarına təşəkkürünü bildirən Vüsalə müəllim, layihədə qazandığı bilik və təcrübələrini həmkarlarıyla paylaşaçağını bildirdi.