15.03.2017

"Qızılgül olmayaydı" poeması mövzusunda açıq dərs keçirilib

Martın 15-də  Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 11a sinif şagirdləriylə Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Əsli Abdullayeva tərəfindən Rəsul Rzanın “Qızılgül olmayaydı” poemasının oxusu və məzmunu mövzusunda açıq dərs keçirilib. Sinifdə oxuyan 13 şagird üç qrupa bölünməklə təşkil olunmuş dərs, şagirdlərlə aparılan fəal diskussiya şəklində təşkil olunub.

R.Rzanın "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biridir. Poemanın əsas mövzusu Müşfiqin həyatı və taleyidir. Bununla belə, R.Rza öz qəhrəmanının nümunəsində ümumiyyətlə 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir.  Poemanı təhlil edən şagirdlər həmin dövr repressiya qurbanları olmuş yazıçılarımızı xatıralayaraq, onların hər birinə aid məhşur şeirlərini səsləndiriblər.

Dərsin gedişatında şagirdlərə təqdim olunmuş tədqiqat sualı ətrafında qrup üzrə hazırlanmış cavablar qrup liderləri tərəfindən təqdim edilib. Müasir metodla tədris edilən dərsin sonunda şagirdlərin bilik səviyyəsi müəllim  tərəfindən qiymətləndirilib.

Açıq dərsdə müşahidəçi qismində iştirak edən valideyn və müəllimlər dərsin gedişatı və tədrisi ilə bağlı fikirlərini və təkliflərini söyləyiblər.


Açar sözlər: ,