Fevralın 24-də Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbdə Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirin giriş hissəsində yüzə yaxın məktəblinin iştirakı ilə yaradılan Azərbaycan və ingilis dillərində yazılmış “Xocalı”, “Khojaly” sözləri nümayiş olunub. Hərbi geyimli şagird heyətinin komandanı hərbi yürüş etdikdən sonra, tədbirin açılışı barədə məktəb direktoru Maarifə Qasımovaya raport verib. Bundan sonra məktəbdə yerləşən şəhid abidəsi məktəblilər tərəfindən ziyarət olunub.
Tədbirin davamı şagirdlər tərəfindən hazırlanmış Xocalı soyqırımından bəhs edən kompozisiyaları nümayiş etdirməklə keçirilib.
Məktəbin direktoru Maarifə Qasımova açılış nitqi edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin inamla həyata keçirdiyi daxili və xarici siyasət, erməni qəsbkarlığının ifşası üzrə yönəlmiş uğurlu addımlar bəhrəsini verməkdədir. Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühümsh istiqamətini təşkil edir.
Tədbirdə iştirak edən Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov çıxışında, Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib.
Sonda məktəbin şagird və müəllim heyəti tərəfindən Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar hazırlanmış əl işləri və şəhid haqqında fotostend nümayiş olunub.