Fevralın 23-də Şəmkir Rayon Təhsil Şöbəsi tərəfindən, 2017-2018-ci tədris ilində tam orta təhsilin təmayüllərlə təşkil olunacağı məktəblərin zonalar üzrə direktorları ilə müzakirələr aparılıb. Müzakirələr zamanı məktəblərin son 3 ildə buraxılış və qəbul imtahanlarındakı göstəriciləri, məktəblərdə peşəkar fənn müəllimlərinin olması, maddi-tədris bazası, təmayül siniflərin təşkil ediləcəyi məktəblər və bu məktəblərlə digər məktəblərin arasındakı məsafələr dəqiqləşdirilib. Adi sinifdə və təmayül siniflərə cəlb olunacaq şagirdlərin tərkibi(oğlan,qiz) müəyyənləşdirilib.
Qeyd edək ki, şəraitə görə 9-cu sinif şagirdlərinin təmayülləşməyə cəlb edilməsi mümkün olmayan məktəblər risk qrupuna aid edilib. Zonalar üzrə təmayülləşmə təşkil ediləcək mərkəz məktəblər müəyyənləşdirilib. Müzakirələr zamanı məktəb direktorlarını maraqlandıran məsələlərlə bağlı suallar ətraflı müzakirə edilib və cavablandırılıb.
İclasda həmcinin Rayon İcra Hakimiyyətinin nümayəndəsi Davud Süleymanov çıxış edərək, RTŞ və RİH tərəfindən keçirilmiş buraxılış imtahanlarına hazırlıq məqsədi ilə təşkil olunmuş sınaq imtahanlarının nəticələrini müzakirə edib. Bu cür sınaqların şagirdlərin yeni qaydalar üzrə verəcəyi buraxılış imtahanlarına hazırlıq ərəfəsində effektiv olduğunu qeyd edən nümayəndə bundan sonra da sınaq imtahanlarının təşkil ediləcəyini bildirib.