22.02.2017

Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirilməyə başlanılıb

Xocalı faciəsindən 25 il ötür. Respublikanın hər yerində olduğu kimi rayonumuzun məktəblərində də Xocalı faciəsi ilə bağlı Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə bugündən başlayaraq anım günü münasibəti ilə silsilə tədbirlərin keçiriliməsi nəzərdə tutulub.

22 Fevral tarixində ilk tədbir rayonun Aşağı Seyfəli kənd Natiq Abbasov adına tam orta məktəbində keçirilib.

Mərasimin giriş hissəsində soyqqırımda dünyasını dəyişmiş soydaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilib. Ardınca, məktəbin direktoru Qumru Məmmədova çıxış edərək Xocalı faciəsindən geniş və ətraflı söhbət açıb: "Azğın erməni quldurları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə dünyada misli görünməyən bir faciə törətdilər. Bu faciə XX əsrin ən dəhşətli faciəsidir. Xocalı sakinləri qışın şaxtalı və qarlı günündə, gecənin qaranlığında güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başıaçıq dağlara, meşələrə qaçırdı. Şəhər alovlar içində yanırdı. Onların harayına gələn, onları düşmən pəncəsindən xilas etməyə çalışan neçə-neçə igid oğullarımız-Azərbaycan əsgəri düşmən gülləsinə tuş gəldi. O günlərin dəhşəti hələ də göz önündən getmir. Zalımın qara qılıncı günahsız insanların başına endirilirdi. Gecənin qaranlığı tökülən nahaq qanlardan qızarmağa başlayırdı. Göyün üzünü qanlı matəm buludları örtmüşdü. Dilsiz körpələrin ah-fəğanı göylərə yüksəlirdi. Düşmənlərin işgəncə torunda çırpınan ağ saçlı analar, körpə balalar al-qan içində inildəyirdilər. Bir sözlə tarixin ən qanlı səhifələri yazıldı o gecə... İnanırıq ki, ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, Xocalıda tökülən qan yerdə qalmayacaq". 

Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov və üzvü Rüfət İmamquliyev çıxış edərək bildiriblər ki, məktəbin şagirdlərinin hazırladıqları kompozisiyada ürək ağrıları əks olunub: "Rayon ərazisində çoxlu sayda tədbirlər həyata keçirilir. Arzu edirik ki, torpaqlarımız azad edilsin, şagirdlərimiz öz doğma yurd-yuvalarına qayıtsınlar və xocalı faciəsinin qurbanlarının qanı yerdə qalmasın".

Tədbirdən sonra şagirdlərin faciə ilə bağlı hazırladıqları "Qanlı Xocalı faciəsi" adlı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına göstərildi. Məktəbin şagirdləri Xocalı faciəsini kompozisiyada yaşaya-yaşaya tədbir iştirakçılarına həmin gecənin qanlı dəqiqələrini yaşatmağa məharətlə nail oldular.


Açar sözlər: