20.02.2017

Müəllimlərə elektron lövhələrin istifadə olunmasına dair təlim keçirilib

Şəmkir Rayon Gənc Müəllimlər Birliyini təşəbbüsü ilə elm və texnikanın sürətlə inkişaf etdiyi müasir dövrdə müəllimlərin də yeni texnologiyalardan istifadə etmək bacarıqlarına yiyələnməsi məqsədi ilə elektron lövhələrdən istifadə olunmasına dair təlim keçirilib.

Müasir tədris və təlim müəllimdən əyanilik və bununla yanaşı dərsə emosionallıq və rəngarənglik qatmağı tələb edir. Qeyd etdiyimiz meyarlara əsaslanan fəal təlimin təşkilində Promethean interaktiv lövhələri müəllimin əvəzolunmaz köməkçisidir. Activİnspire proqramında hazırlanmış resurs müəllimin dərsinə rəngarənglik qatır, əyaniliyi təmin edir.  Fəal-interaktiv təlimin tələblərinə uyğun dərsin təşkili prosesini asanlaşdırır. Dünya statistikasına nəzər salsaq, görərik ki, ən keyfiyyətli dərslərdə nəzəriyyəyə nisbətən təcrübəyə daha çox üstünlük verilir. Bu lövhələr biliklərin təcrübə əsasında qazanılmasına zəmin yaradır.

Promethean interaktiv lövhələrində hazırlanmış elektron dərs  şagirdin diqqətini cəmləməyə imkan verir, qavrama qabiliyyətini artırır.  Bu lövhələrin digər lövhələrdən üstün cəhəti iki interfeyzinin olmasıdır. İbtidai siniflər üçün nəzərdə tutulmuş  Activ primary interfeyzi şagirdin özünü sanki sehrli bir  aləmdə hiss etməyə sövq edir. Bununla da dərsə daha böyük maraq, rəngarənglik qataraq effektivliyi artırır.

Təlim rəhbəri Hafiz Pənahov qeyd edir ki: “Şəmkir rayon məktəblərində ümumillikdə 89 elektron lövhə quraşdırılıb ki,  lövhələrindən istifadə edən müəllim təlim prosesində əlavə vasitələrə çox az müraciət edir.  Artıq təlimdə plakatlardan, stikerlərdən, rəngli markerlərdən və əlavə silgidən istifadəyə ehtiyac qalmır. Bütün bu imkanlar hamısı Activinspire proqramının daxilində nəzərə alınmışdır. Bu lövhə vasitəsilə müəllim əyanilik üçün şagirdə keçəcəyi mövzunu əhatə edən şəkillər, səs faylları, videoçarxlar  təqdim edə bilər. Promethean interaktiv lövhələri xüsusi imkanlara malikdir. Bu imkanlardan biri də riyazi alətlərin proqram daxilində istifadə olunmasıdır. Ehtiyac duyulduğu anda riyazi alətlər - transportir,  pərgar, xətkeş asanlıqla lövhəyə gətirilə və dərs prosesində istifadə oluna bilir. Bu alətlərin obyektlərin, şəkillərin ölçüsünü böyütməklə hətta arxa sıralarda əyləşən şagirdlərin dərsdə aktivliyini, diqqətinin cəmlənməsini təmin etmək olar. Promethean lövhələrinin imkanları bununla bitmir, əlavə funksiyalardan istifadə etməklə müəllim fasilitator rolunu oynayaraq istiqamətləndirici olub şagirdin tədqiqatçı olmasına şərait yarada bilər. Məsələn, sehirli qələm, konteyner, gizlilik kimi funksiyalar şagirdin araşdırma nəticəsində doğru cavab tapmasına kömək edir. Bununla da şagird təkcə cavabın tapılması deyil, eləcə də problemin tədqiqi prosesində iştirak etdiyi üçün onu daha yaxşı anlayır və yadda saxlayır.”

Gənc Müəllimlər Birliyinin dəstəyi ilə keçirilinən elektron lövhələrin öyrənilməsi üzrə təlimlər bundan sonra təlim keçmiş və təlimini uğurla başa vurmuş müəllimlər tərəfindən zonalarda keçirilməsi planlaşdırılıb.


Açar sözlər: