17.02.2017

"Zərərli vərdişlərdən necə qorunmalı?" adlı tədbir keçirilib

Şəmkir rayon Yaşar Əskərov adına Koltəhnəli kənd tam orta məktəbinin 9-11-ci sinif şagirdlərinin iştirakı ilə məktəbin psixoloqu İntizar Musayeva tərəfindən “Zərərli vərdişlərdən necə qorunmalı?” adlı tədbir keçirilib.

Tədbir çərçivəsində  Gənc Müəllimlər Birliyinin üzvü psixoloq Tərlan Muxtarova çıxış edərək bildirib ki: ”Zərərli vərdişlərdən yaxa qurtarmaq üçün insan öz niyyət və düşüncəsini dəyişməlidir. Belə vərdişlərdən yaxa qurtarmağın ən yaxşı yolu yaxşı vərdişlərə yiyələnməkdir”. Bunun üçün məktəblərdə mütəmadi maarifləndirici tədbirlərin keçirilməsinin labüd olduğunu qeyd edən Tərlan Muxtarova, bundan sonra da davamlı olaraq  bu cür tədbirlərin keçiriləcəyini bildirib.

Tədbirdə məktəb şagirdləri tərəfindən zərərli vərdişlərin yaratdığı fəsadlar haqqında monoloqlar söylənilib, bununla yanaşı tədbir iştirakçılarına məlumat və maarifləndirici xarakterli qısa filmlər nümayiş olunub. Tədbirin keçirilməsində məqsəd gənc nəslin zərərli vərdişlərdən qorunmasına, yeniyetmələr arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıqla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.

Sonda Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov çıxışında: “Zərərli vərdişə aludəçiliyə münasibətim yaxşı deyil. Zərərli vərdiş aludəçisi olan gəncləri sevərək, maarifləndirərək yenidən qazanmaq olar. Onları yanlız və yalnız maarifləndirmək, qayğı göstərmək və tək buraxmamaq gərəkdir, çünki gənclərin zərərli vəridişi üzündən, sonda itirən cəmiyyət olur” fikrini bildirib.


Açar sözlər: ,