Bugün Şəmkir Heydər Əliyev Mərkəzində 2 Fevral Gənclər Gününə həsr edilmiş tədbir keçirilib. Rayonun ictimai-sosial həyatında fəal iştirak edən gənclərin iştirakı ilə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov da iştirak edib. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə tədbir açıq elan edilib.
Tədbirdə Gənclər siyasəti ilə yanaşı, bu siyasətin əsas qolu olan gənclərin təhsili, gənc müəllimlərin fəaliyyət və rifahının yaxşılaşdırılması, təhsil sahəsi üzrə gənclərin gələcək ideya və təklifləri müzakirə olunub.
Şəmkir Rayon Təhsil Şöbəsinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Kənan İbrahimov çıxış edərək, bu il təhsil sahəsində ölkənin və eləcə də rayonun qazandığı uğurlardan danışıb. Daha sonra Rayon Təhsil Şöbəsi və gənc təhsil işçiləri adından qarşıdakı görüləcək işlər haqqında məlumat verilib.
Tədbir iştirakçıları çıxış edərək, bu günün 1997-ci ildə prezident Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmasının gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsi olduğundan və prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin Azərbaycan gəncliyinin inkişafına təkan verdiyini və onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynadığından söz açıblar.
Tədbirin davamında gəncləri maraqlandıran məsələlər, onların maraq dairələri mövzuları ətrafında müzakirələr keçirilib.