Gənc Müəllimlər Birliyinin təşəbbüsü ilə Şəmkir rayonunun təhsil müəssisələrində 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Belə ki, təhsil müəssisələrində 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr olunan “20 Yanvar tarixi”, “20 Yanvar-Azadlığa gedən yolun zirvəsi”, “Tariximizin qan yaddaşı” “Tariximizin şanlı səhifəsi” və digər müvafiq mövzularda konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib.
Yanvarın 19-da növbəti tədbir Düyərli 1 saylı kənd tam orta məktəbdə keçirilib. Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Gənc Müəllimlər Birliyinin sədri Xəyal Nəsibov, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıb. Qeyd olunub ki, böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar hadisəsi öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. 20 Yanvar faciəsinin Azərbaycan tarixinin qanlı səhifəsi kimi yaşadılması, təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.
Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər, bayatılar, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Qanlı Yanvar faciəsi ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, stendlər və guşələr hazırlanıb bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil edilib.
Tədbirdə həmcinin, Düyərli 1 saylı kənd tam orta məktəbin tarix müəllimi, “Əməkdar müəllim” fəxri adına layiq görülmüş Sədaqət Ələsgərova şəhidlərə həsr etdiyi “Mənə öldü deməyin” şeirini səsləndirib.