21.12.2016

Ümumi orta təhsil səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklər edilib

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən Şəmkir Rayon Təhsil Şöbəsi məktəb direktorları və onların müavinləri ilə konfrans keçirib. Konfransda ümumi orta təhsil (9 illik) səviyyəsində ümumtəhsil fənləri üzrə təhsilalanların yekun attestasiyasında yeniliklərlə bağlı Təhsil Nazirliyi tərəfindən hazırlanmış məlumat xarakterli slayd təqdim olunub. Sual-cavab formatında tərtib edilmiş slaydda yeni buraxılış imtahanları ilə bağlı ən çox müraciət olunan suallara cavab verilib;

 

SUAL 1: İmtahanlar ödənişlidirmi?

  • Buraxılış imtahanları ödənişsiz əsaslarla keçirilir.

 

SUAL 2: IX siniflərdə buraxılış imtahanları hansı fənlərdən olacaq?

  • Tədris Azərbaycan dilində olan məktəblərin şagirdləri üçün -  Azərbaycan dili və riyaziyyat;
  • Tədris rus dilində olan məktəblərin şagirdləri üçün - rus dili və riyaziyyat;
  • Tədris dili Azərbaycan və rus dillərində  başqa  digər dillərdə olan şagirdlər üçün isə yalnız riyaziyyat fənnindən olacaqdır.

 

SUAL 3: İmtahanlar neçə mərhələdən ibarətdir ?

  • Imtahanlar iki mərhələdən ibarətdir.

 

SUAL 4: İmtahanın hər iki mərhələsi eyni gündə həyata keçiriləcək?

  • İmtahanların mərhələləri müxtəlif tarixlərdə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcəkdir:
  • I mərhələr: fevral – mart aylarında
  • II mərhələ: iyun ayında.

 

SUAL 5: Bu imtahanın hər iki mərhələsində iştirak etmək vacibdirmi? 

  • Bəli
  • İmtahanın hər hansı bir mərhələsində iştirak etməyən şagird imtahanda iştirak etməmiş hesab edilir
  • İmtahanda iştirak etməyən şagirdə ümumi orta təhsil haqqında attestat verilmir.

 

SUAL 6: İnşa (esse) yazmaq vacibdirmi?

  • İmtahanın birinci mərhələsində təqdim edilmiş mövzulardan birini seçməklə könüllülük əsasında inşa (esse) yazılır
  • Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq istəyənlər üçün inşanın (essenin) qiyməti  nəzərə alınacaq.

 

SUAL 7: İmtahana neçə saat vaxt ayrılır?

  • I mərhələ: 2 saat 30 dəqiqə
  • II mərhələ: 1 saat 30 dəqiqə

 

SUAL 8: Gecikənlər imtahana buraxılacaqmı?

  • İmtahan başlandıqdan 30 dəqiqə sonra gələn şagird imtahana buraxılmır.

 

SUAL 9: İmtahanlarda neçə sual olacaq?

Birinci mərhələ:

  • Azərbaycan (rus) dili: 10 açıq, 10 qapalı tipli test
  • Riyaziyyat: 10 açıq tipli test
  • İnşa (esse): Təqdim edilmiş mövzulardan biri (könüllü) 
  • Riyaziyyat: 10 açıq tipli test

İkinci mərhələ:

  • Azərbaycan (rus) dili:  30 qapalı tipli test
  • Riyaziyyat:                  30 qapalı tipli test
  • Riyaziyyat:                  30 qapalı tipli test

 

SUAL 10: Açıq və qapalı tipli test suallarının  fərqi nədir?

  • Açıq tipli test  sualları, cavab variantları verilməyən, doğru cavabın müəyyənləşdirilib yazı ilə ifadə olunması tələb edilən test sualıdır
  • Qapalı tipli test sualları, verilən cavab varianlarından 1 doğru cavabın müəyyənləşdirilib qeyd edilməsi tələb olunan test sualıdır.

 

SUAL 11: Test  suallarının səhv cavabına  görə bal çıxılacaqmı?      

  • Xeyr

 

SUAL 12: Buraxılış imtahanından minimum neçə bal toplamaq lazımdır?

  • Şagirdlərin biliyi 0 – 100 bal arasında qiymətləndirilir.

 

SUAL 13: Buraxılış imtahanında toplanmış neçə bal müvafiq olaraq “2”, “3”, “4” və “5” sayılır?

  • Buraxılış imtahanlarında toplanılan bal “2”, “3”, “4” və “5” qiymətləri ilə ifadə olunmur.

 

SUAL 14: Bu və ya digər səbəblərdən imtahanda iştirak etməyən şagirdlər üçün yenidən imtahan olacaqmı?

  • Üzrlü səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən şagirdlərinin attestasiyası məsələsinə təhsil müəssisələrinin təqdimatı əsasında fərdi qaydada  Dövlət İmtahan Mərkəzi tərəfindən baxılır.
  • Şagirdlər  Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilən vaxtda imtahan verirlər.

 

SUAL 15: İmtahanın nəticəsindən narazı olduqda hara müraciət etmək olar?

  • Yekun attestasiyanın nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən Apellyasiya Komissiyası yaradılır. 
  • Şagird Apellyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənəd təqdim etməklə, şəxsən və ya valideynləri (onları əvəz edən şəxslər) vasitəsilə müraciət etməlidir.
  • Apellyasiya Komissiyasının qərarlarından inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

Açar sözlər: ,