Dekabrın 7-də Şəmkir rayon Qasım İsmayılov kənd Sahib Əliyev adına tam orta məktəbin 6, 7, 8, 9-cu sinif şagidləri arasında "Ana dili və ədəbiyyat" adlı bilik yarışı keçirilib.
Yarışda ümumilikdə 5 komanda mübarizə aparıb. Hər komandada 5 iştirakçı olub.
Yarış 2 turda keçirilib. Hər turda şagirdlərə Azərbaycan dili ilə bağlı təfəkkür, məntiqi inkişafa əsaslanan ümumi qramatika, gündəlik həyatda azərbaycan dilindən istifadə və ədəbiyyatda ana dilinin rolu mövzusundan ibarət 10 sual səsləndirilib.
Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri 27 xalla “İstiqlal” komandası tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 25 xalla “Uğur”, 24 xalla “Xəmsə” “Qramatika” komandası qazanıb.
Məktəb rəhbərliyi və məktəbin Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Əsli Abdullayevanın təşkilatçılığı ilə həyata keçirilən bu yarış şagirdlərin Azərbayan dili və ədəbiyyat biliklərini inkişaf etdirməklə, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.
Xatırladaq ki, "Ana dili və ədəbiyyat” bilik yarışmasında məktəbin digər aşağı sinif şagirdlərinin iştirakı ilə “Naz eləmə” adlı maraqlı rəqs səhnəsi və Səməd Vurğunun “Vaqif” poemasından bir parça göstərilib. Hər turun ardından şagirdlərin ifasında şeir və musiqi səsləndirilib.