06.12.2016

Diaqnostik qiymətləndirmə imtahanında Qərb regionu üzrə ən yüksən nəticə göstərən müəllim

        Sevinc Orucova 1990-cı ildə Şəmkir rayonunda anadan olub.  İlk təhsilini hazırda müəllim kimi fəaliyyət göstərdiyi Məhəmməd Füzuli adına şəhər tam orta məktəbdə alıb. Bakı Dövlət Universitetində mexanika-riyaziyyat ixtisasına yiyələnən S.Orucova 2012-ci ildə Təhsil Nazirliyi tərəfindən Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədən yüksək bal toplayaraq, riyaziyyat müəllimi kimi fəaliyyətə göstərib.

     Sevinc Orucova 2016-cı ilin 2-4 dekabrında Şəmkir, Göygöl, Gədəbəy, Samux və Daşkəsən rayonlarının dövlət ümumi təhsil müəssisələrində çalışan 7500-ə yaxın müəllimlərin bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi məqsədi ilə keçirilən imtahanda Qərb region üzrə 60 sualdan 59-na düzgün cavab verərək 59 balla ən yüksək nəticəni əldə edib.

        S.Orucova imtahanın şəffaf və rahat keçdiyini bildirir:

        “İmtahanda qeyd olunan sualların bəziləri çox asan, əksəriyyəti orta səviyyədə idi. İxtisas üzrə 60 sualın həll olunması üçün 90 dəqiqə vaxt verilir, amma mən imtahanı bitirəndə 40 dəqiqəm hələ yerində qalırdı. Çalışdım ki tələsməyəm ona görə də vaxtımdan səmərəli istifadə edib qalan dəqiqələri suallarımı yenidən yoxlamağa sərf etdim. Nəzarət güclü idi, lazım olanda texniki dəstək üçün nəzarətçilər və nazirliyin məsul işçiləri müəllimlərə köməklik edirdilər. Ümumiyyətlə bu cür imtahanın keçirilməsi çox yaxşı haldır. Bu həm müəllimlərin işinin qiymətləndirilməsi, həm gələcəyə insan yetişdirən müəllimlərin istedadının üzə çıxarılması, sosial rifahlarının yaxşılaşdırılması baxımından faydalıdır. Növbəti imtahanlarda iştirak edəcək həmkarlarıma imtahanlarda tələsməməyi və diqqətli olub vaxtdan səmərəli istifadə etməyi tövsiyə edirəm.”