Noyabrın 2-də Şəmkir rayon Zəyəm –Cırdaxan kənd tam orta məktəbində Dövlət Müstəqilliyinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər çərçivəsində İbtidai sinif müəllimi Lamiyə Məmmədovanın təşkilatçılığı ilə “Azərbaycanın iqtisadi-siyasi və mədəni inkişafına həsr edilmiş ədəbi-bədii gecə-Şəmkir bu gün” adlı tədbir keçirilib.
Tədbirdə iştirak edən qonaqlara Şəmkirin hazırkı vəziyyətindən, sosial rifahı və son illər təhsil sahəsində əldə etdiyi uğurlardan danışılıb. Sadəcə rayon mərkəzində deyil, ucqar kənd və qəsəbələrdə də sosial və iqtisadi layihələrin uğurla icra edildiyi, bunun əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət etdiyi bildirilib.
Tədbirdə məktəbin şagirdləri şeir, musiqi və rəqs nömrələri ilə çıxış ediblər. Həmçinin dahi Üzeyir Hacıbəylinin dünya şöhrətli “O olmasın bu olsun” operettasından bir səhnəcik oynanılıb.
Tədbirin keçirilməsində əsas məqsəd, şagirdlərə milli-mənəvi dəyərlər və Azərbaycan tarixi haqqında daha geniş məlumat vermək, onları məktəbin ictimai həyatında fəal iştirak etməklərini təmin etməkdən ibarətdir.