Noyabrın 3-də Şəmkir Rayon Təhsil Şöbəsi məktəb direktorlarının və çağırışa qədər hazırlıq fənn müəllimlərinin iştirakı ilə şura iclası keçirib. İclasda məktəblər üzrə təhsil şöbəsi tərəfindən həyata keçirilən monitorinqlərin nəticələri və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı keçiriləcək imtahana hazırlıq müzakirə olunub. Çağırışa qədər hazırlıq fənn müəllimlərinin iş prinsipləri, dərs proqramları, mövcud problemləri müzakirə edilərək, onların həlli üzrə göstərişlər verilib. İclasda həmçinin, diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin İKT bacarıqlarının artırılması məqsədi ilə həmin müəllimlərlə seminarlar keçirilməsi tapşırılıb. Qeydiyyatdan keçməyən müəllimlərin noyabr ayının 7-ə qədər lazımı proseduru həyata keçirmələrinin vacibliyi bildirilib.
İclasda Təhsil Nazirliyinin göstərişlərinə uyğun olaraq, təmayülləşmə ilə əlaqədar yerlərdə geniş maarifləndirmə işlərinin aparılması, təmayül siniflərinin komplektləşdirilməsi üzrə təşkilati tədbirlərin görülməsi, təmayül fənləri tədris edəcək müəllimlər üçün təlimlərin təşkili haqqında danışılıb. 2016-2017-ci tədris ilindən etibarən 9-cu sinif imthanalarındakı dəyişikliklərlə bağlı məlumatlar məktəb direktorlarının nəzərinə çatdırılıb.
Sonda, məktəb direktorlarına Təhsil Nazirliyi tərəfindən təmayülləşmə ilə əlaqədar göndərilən müvafiq blanklar təqdim olunaraq, onların doldurulub təhsil şöbəsinə təqdim olunması tapşırığı verilib.