18.10.2016

Gənc müəllimin xidməti 

Niyazi Səfərov 1988-ci ilin 10 mayında Qərbi Azərbaycanın Basarkeçər rayonunun Kəsəmən kəndində dünyaya gəlib. Məlum hadisələrə görə, 1988-ci ilin noyabr ayında rayondan çıxaraq ailəsi ilə birlikdə Şəmkir rayon Çənlibel kəndində məskunlaşıb. 1993-cü ildə Çənlibel kəndində orta təhsil aldıqdan sonra, 2006-cı ildə Ağdaş Dövlət Humanitar kollecinin ingilis dili müəllimliyi fakültəsinə daxil olub. Hərbi xidmətə 2006-cı ilin oktyabr ayında yollanıb. Təhsilini xidmətdən qayıtdıqdan sonra davam edən Niyazi müəllim, 2011-ci ildə təhsilini başa vurub. Təhsil aldığı müddətdə müxtəlif diplom və fəxri fərmanlarla yanaşı, Niyazi Səfərov Ağdaş Rayon İcra Hakimiyyəti və Ağdaş Dövlət Humanitar kollecinin rəhbərliyi tərəfindən “İlin ən yaxşı tələbəsi”, “Fəxri məzun” kimi məsuliyyətli və şərəfli adlara layiq görülüb. 2011-ci ilin iyul ayında Təhsil nazirliyinin xətti ilə imtahan verərək, Şəmkir rayon Qasım İsmayılov kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. Niyazi müəllim peşəsinə həvəslə yanaşır:

“Artıq 5 ildir ki, Qasım İsmayılov kənd məktəbində ingilis dili fənnini tədris edirəm. Müqaviləmin vaxtının bitməsinə baxmayaraq, mən işimi bu məktəbdə davam etdirmək üçün yenidən uzun müddətli müqavilə bağlamışam. Pedaqoji kollektivimdən və şagidlərimdən razıyam. Rayonda və Bakıda ingilis dili müəllimləri üçün keçirilən təlimlərdə iştirak edib, yeni metodları məktəbimizdə tədbiq edirəm. Şagirdlərin dərsi maraqla izləməsi və sənə diqqətlə qulaq asması hər müəllim üçün əsl stimuldur. Bugün sənin qarşındakı stolundan qalxan şagird sabah sənin və səndən sonra gələnlərin gələcəyi naminə çalışırsa bu sənin xalqına göstərdiyin ən böyük xidmətə bərabər olur.”

Niyazi müəllim həm də həvəskar saz ifaçısıdır. Məktəbin bütün tədbirlərində şagirdləri ilə çiyin-çiyinə çalışıb, birlikdə musiqili kompozisiyaları hazırlayırlar. Şagidlər müəlliminə həm dost, həm müəllim, həm də bir böyük kimi hörmət edib, ehtiram göstərirlər. Kənd əhalisi də Niyazi müəllimin şəxsindən və onun şagidlərinə öyrətdiklərindən razıdırlar.