28.09.2016

Kənd müəllimi olmaq

       Gülnar Əhmədova 1996-cı ildə Rusiyanın Sankt-Peterburq şəhərində anadan olub.  İlk təhsilini elə həmin şəhərdə alıb. Ali təhsilinə Azərbaycan Dövlət  Pedoqoji Univeristetində  Kimya müəllimi ixtisasına yiyələnən G. Əhmədova Təhsil Nazirliyi tərəfindən Respublikanın ümumi təhsil müəssisələrinə mərkəzləşdilirmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqədən yüksək bal toplayaraq, Şəmkir rayon Nərimanlı kənd ümumi orta məktəbində kimya müəllimi kimi fəaliyyətə başlayıb.

Gülnar Əhmədovanın dərs dediyi məktəbin olduğu kənd Nərimanlı kəndi rayon mərkəzindən 46 km məsafədə, dəniz səviyyəsindən 1200 m yüksəklikdə dağın zirvəsində yerləşir. 96 ailədən ibarət olan kəndin  500 dən çox əhalisi var.  

         Müəllimlik fəaliyyətinə yeni başlayan G. Əhmədova peşəsini çox sevdiyini deyir:

        “Kənddə müəllim olmaq insana tamam  başqa duyğu yaşadır. Buranın şagirdləri və insanları başqadır, daha istiqanlı, daha gülərüzdülər. Siz onların gözündə çox fərqli və qiymətlisiz. Mənim böyüdüyüm yerlə Nərimanlı kənd arasında çox böyük fərq var. Nərimanlı kəndi türk  yazarı Rəşad Nuri Güntəkinin kitablarında təsvir etdiyi kəndləri xatırlatsa da, məktəblər təmirli və şəraitlidir. Çalıquşu filmindəki Fəridənin yerində olmağı həmişə arzulamışam və bu gün çox sevinirəm ki, niyyətimə çatmışam. İxtisasımı sevirəm, ona görə də saatlarla kimyadan danışmaq, dərs başa salmaq qətiyyən məni yormur, əksinə bu yolla  dincəlirəm. Müəllimlərin işə qəbulu üzrə keçirilən müsabiqədə birinci yerə hazırda dərs dediyim məktəbin adını yazmışdım.

         Kənd həyatı mənim üçün çox maraqlıdır. Təmiz havada təbii qidalarla qidalanıb, ətrafında sənə bəslənən diqqət və hörməti görmək aldığım gücün bir hissəsidir. Burda şagirdlər dərslərinə çox həvəsli və məsuliyyətlidirlər. Çoxları düşünür ki, şəhərdə yaşadınsa, sonradan kəndə köçmək çətin olur. Amma məncə belə deyil, əksinə kənd həyatı insan üçün əsl məktəbdir. Əvvələr kənddə dərs demək daha çətin olub, amma hazırda müəllimlərin kənd rayonlarında yerləşən məktəblərdə işə cəlb olunmasının stimullaşdırılması məqsədi ilə həmin müəllimlərin əmək haqqından əlavə kommunal xidmətləri və yaşayış yerinin kirayəsini ödəmək üçün əlavə kompensasiya verilir. 

        Boş vaxtlarımda şagirdlərimlə kənddə gəzintiyə çıxırıq, onlar məni kəndlə tanış edirlər, mən də öz növbəmdə bildiklərimi şagirdlərimlə paylaşıram. Çox vaxt dərsdən sonra evimə qonşu uşaqları gəlir, mən də onlara dərslərini hazırlamaqlarına kömək edirəm. Müasir metodlardan, internet resurslarından faydalanıram  və daima bunu dərslərimdə tətbiq etmək üçün çalışıram. Niyə kənd məktəbi şəhər məktəbindən fərqlənməlidir ki? Bilik hamı üçündür. Kənd müəlliminin əsas məqsədlərindən biri də kənd uşaqlarına onların çətinliklə görüb öyrənə biləcəklərini  rahat  öyrədə bilməkdir".


Açar sözlər: ,