Aytac Zülfüqarova 1993-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilinə Bakıdakı 90 saylı məktəbdən başlayıb. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Bakalavr təhsilini riyaziyyat, magistr təhsilini riyaziyyat-fizika üzrə başa vuran Aytac Zülfüqarova Təhsil Nazirliyi tərəfindən 2016-2017-ci tədris ilində müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda yüksək nəticə göstərərək, Şəmkir rayon Nərimanlı kənd orta məktəbinə riyaziyyat müəllimi kimi qəbul olunub.
Ucqar kənd məktəbində dərs deyən Aytac Zülfüqarova deyir ki, öz peşəsi ilə qürur duyur:
“Əvvəl bura gələndə yol mənə o qədər uzaq gəldi ki, ailəm üçün darıxacağımı düşünürdüm. Amma ucqar kənddə müəllim olmağı özüm istəmişdim və buna görə də dərsə başlayıb müəllimlik edəndə bütün çətinliklər arxada qaldı. Biz ailədə 2 uşağıq: mən və qardaşım. Qardaşım hazırda hərbi xidmətdə Vətənin keşiyini çəkir, mən də burda Vətənimə, şagirdlərimə xidmət edirəm. Valideynlərim hər iki övladından aralı qalsalar da bundan narahat olmurlar, çünki onlar bununla yalnız fəxr edə bilərlər. Ucqar kənd deyəndə çoxları qorxur və kənddə müəllim olmaqdan imtina edirlər. Mən özüm də məişət şəraitində çətinliklərin olacağını düşünüb narahat olurdum. Sonra öyrəndim ki, müəllimlərin kənd rayonlarında yerləşən məktəblərdə işə cəlb olunmasının stimullaşdırılması məqsədi ilə həmin müəllimlərin əmək haqqından əlavə kommunal xidmətləri və yaşayış yerinin kirayəsini ödəmək üçün əlavə kompensasiya verilir. Sözsüz ki, bu, mənim üçün həqiqətən böyük stimul oldu.
Ekoloji cəhətdən təmiz mühitdə dərs demək həm maraqlı, həm də faydalıdır. Şəhər həyatının qayğılarından uzaq olduğum üçün vaxtımın əsas hissəsini özümü inkişaf etdirməklə keçirə bilirəm. Burda şagirdlərdə dərsə maraq böyükdür. Buna görə də şagirdlərə dərs demək asan olur, çünki dəsrlərinə həvəslə yanaşırlar. Məktəb ucqar kənddə yerləşsə də, şəraiti yaxşıdır, yeni təmir olunub, təmiz və səliqəlidir. Burda kənd sakinləri də istiqanlıdırlar. Kənd o qədər də böyük deyil, buna görə kəndə hamı bir-birini tanıyır. Bir müəllim kimi tanınmaq, hörməti və qayğını görmək işə olan həvəsimi daha da artırır.
Sonda gələcəkdə müəllim olmaq istəyən bütün həmkarlarıma işə ucqar kənd məktəblərindən başlamağı tövsiyə edirəm. Bu onlar üçün həm yaxşı təcrübə, həm də ömrü boyu unutmayacaqları təəssüratlar bəxş edəcək”.