11.10.2018

Şagirdləri üçün ilkin tibbi yardım üzrə “açıq dərs” keçirilib

Rayon Təhsil Şöbəsinin təşkilatçılığı, “Böyük Yol” gənclər ictimai birliyinin dəstəyi ilə Şəmkir Gənclər Mərkəzində orta məktəb şagirdləri üçün ilkin tibbi yardım üzrə “​açıq dərs keçirilib.

Məktəblilər arasında tibbi maarifləndirmə işini gücləndirmək məqsədi daşıyan bu layihənin silsilə şəklində davam etdirilməsi və dərslərə Şəmkirin bütün məktəblilərinin cəlb olunması nəzərdə tutulub.

Otuza yaxın məktəblinin iştirak etdiyi və bir saatdan artıq davam edən ilk məşğələ zamanı şagirdlərə sağlamlığın qorunması üçün görülməli olan mühüm profilaktik tədbirlər, mümkün təbii fəlakətlər, fövqəladə hadisələr zamanı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi, məişətdə ilkin ixtisaslı tibbi yardımın göstərilməsi, tibbi preparatlar və onlardan istifadı qaydaları və s. haqqında geniş məlumat verilib.

Bundan əlavə ilkin tibbi yardımın göstərilməsi, qan təzyiqinin ölçülməsi, nəfəs tutulmalarının qarşısının alınması kimi hallarla bağlı əyani məşqlər aparılaraq, tibbi yardım üsullarının daha yaxşı yadda qalması üçün müxtəlif kiçik səhnəciklər nümayiş etdirilib.

Açıq dərsin ardından məktəblilər mərkəzdə fəaliyyət göstərən rəsm Qalareyası ilə tanış olublar.