09.10.2018

Gənc müəllim rublikasının qonağı-Anurə Quliyeva

Aynurə Quliyeva Təhsil Nazirliyi tərəfindən Müəllimlərin İşə Qəbulu imtahanında iştirak edərək 51 bal toplayıb. O, M.Füzuli adına şəhər tam orta məktəbinə ingilis dili müəllimi təyin edilib. Aynurə müəllim Gəncə Dövlət Universitetində inglis dili müəllimi ixtisası üzrə bakalavr təhsili alıb.

-Aynurə müəllim sizdə müəllim olmaq həvəsi necə yaranıb?

-Müəllim ailəsində dünyaya gəlmişəm. Anam, bacım, bibim müəllimdir. Həmişə ailəmi özümə örnək götürmüşəm. Bundan əlavə uşaqlarla işləməyi sevdiyim üçün müəllimlik peşəsini seçmişəm. Açığı əvvələr jurnalist olmağı da düşünürdüm. Zaman keçdikcə daha çox müəllimlik peşəsinə uyğun olduğumu qərara aldım və müəllim oldum.

-Bilirik ki, bu sizin ilk pedaqoji fəaliyyətiniz deyil, daha öncə də müəllim işləmisiniz. Necə oldu ki, yenidənmüəllimlərin işə qəbulu müsabiqəsində iştirak etdiniz?

-Bəli, 2016-cı ildə ali təhsilimi başa vurub 1 illik müqavilə ilə Şəmkir rayon Yuxarı Seyfəli kənd tam orta məktəbində işə daxil oldum. Bu il yenidən özümü sınamaq qərarına gəldim və müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etdim. 51 bal topladım və Şəmkir rayonM.Füzuli adına şəhər tam orta məktəbinə müəllim təyin edildim. Babam da əvvələr bu məktəbdə müəllimlik edib. Eyni divarlar arxasında babamın yolunu davam etdirmək özü bir başqa xoş hiss yaradır. Burda qocaman müəllimlər babamı tanıyırlar. Onun haqqında xoş xatirələrini paylaşırlar. Bütün bunlar qürurvericidir.

-Şagirdlərin sizin dərsə marağı necədir, şagirdlərə fənninizi sevdirə bilmisinizmi?

-Hesab edirəm ki, hər şagirdə yanaşma metodu fərqli olmalıdır. Müəllim özünü şagirdlərə sevdirə biləcəksə, uşaqlar onun fənnini də sevəcəklər. Şagirdlər ayrı-ayrı ailələrdən gəlirlər onların eyni psixologiyada olacağını düşünmək absurtdur. Burda müəllimin üzərinə düşən əsas vəzifə ayrı-arılıqda hər bir şagird üçün nümunəyə çevrilməkdir. Bunun üçün səbr, etik yanaşma, qarşılıqlı anlaşma və inam yaratmaq çox vacibdir.

-Məktəb kollektivinin sizə qarşı münasibəti nəcədir?

-Kollektivimizlə ilk tanışlıqdan məni gülərüzlə qarşılayıb, köməkliklərini əsirgəmədilər. Bundan öncə işlədiyim Yuxarı Seyfəli kənd tam orta məktəbində də vəziyyət eyni idi. Oradakı pedaqoji kollektiv də mənim üçün doğma və əzizdir.

-Sizcə ideal şagird-müəllim münasibəti necə olmalıdır?

-Şagird-müəllim münasibətində dostluq önəmli faktordur. Şagirdlə dost ola bildinsə artıq sən özünü müəllim hesab edə bilərsən. İnsanlar dostları ilə daha səmimi olub, problemlərini onlara açıq söyləyib, arzu və istəklərini rahat bildirə bilirlər.

-Müəllim olmaq istəyənələrə nə tövsiyə edərdiniz?

-Müəllimlik bütün peşələrin başında durur. Müəllim olmaq istəyirsinizsə mütləq uşaqlara sevginiz olmalıdır. Bundan əlavə siz yaxşı psixoloq və səbr sahibi olmalısız. Buna görə də müəllim olmaq istəyənlərə tövsiyyəm odur ki, peşənizilə yanaşı uşaqları sevirsizsə bu sənəti seçin. 


Açar sözlər: ,  ,  ,