03.02.2018

Pedaqoji mühazirələrin dinlənilməsi üzrə rayon mərhələsinə start verilib

Fevralın 3-də Şəmkir Rayon Təhsil Şöbəsində "Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində təşkil edilən pedaqoji mühazirələrin dinlənilməsinə start verilib.

Mövzunun aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından uyğun gələn pedaqoji mühazirələr rayon mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilmək üçün seçilib. Ümumi təhsil məktəblərinin pedaqoji heyətinin ən çox müraciət etdikləri mövzular "Müəllim-şagird münasibətlərinin pedaqoji əməkdaşlıq əsasında qurulması”, "Fənnin tədrisində müasir təlim texnologiyalarının tətbiqi”, "İbtidai təhsil səviyyəsində şagird nailiyyətlərinin inkişafına məktəbəhazırlıq təhsilinin təsiri”, "İstedadlı şagirdlərlə işin təşkili formaları”dır.

Pedaqoji mühazirələrin rayon mərhələsində ən yaxşı məruzələr müəyyənləşdirilərək innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə seçimlərə təqdim olunacaq. Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Qeyd edək ki, 2017-2018-ci dərs ilində təşkil olunan pedaqoji mühazirələrin əsas məqsədi ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir.

Pedaqoji mühazirələrin ölkə mərhələsinin bu il aprel-may aylarında keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,